Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib 30.10.2025
30 Oktyabr 2025, 16:00 - İclaslar

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda çıxış edən Elmi Şuranın sədri, ETKİ-nun direktoru, professor Gülnaz Dadaşova elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinin, müasir kardioloji tədqiqatların davamlı şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıb:
“İnstitutumuzda aparılan hər bir elmi iş yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, klinik praktikaya real töhfə verməlidir. Gənc alimlərin təşəbbüsləri, innovativ yanaşmalar və elmi əməkdaşlıq bu məqsədə çatmağın əsas açarıdır.”
İclasda doktorant və dissertantların 2025-ci il üzrə elmi fəaliyyətləri barədə hesabatları dinlənilib və nəticələr müzakirə olunub. Həmçinin doktorantura və dissertantura səviyyəsində ödənişli əsaslarla təhsilin təşkili məsələsinə dair fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində ETKİ-nun “Miokard infarktı” elmi şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Vüsal Hacıyevin “Ürək əməliyyatından sonra ECMO: müalicə strategiyaları və risk amilləri” mövzusunda hazırladığı monoqrafiya müzakirə edilib və onun nəşrə verilməsi məqsədəuyğun hesab olunub.
Monoqrafiyaya “ÜİX və ritm pozğunluğu” şöbəsinin rəhbəri, t.e.d., prof. Abdullayev Rufullanın və “Miokard infarktı” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Cəmilov Rüfətin tərəfindən müsbət rəy təqdim olunub.
İclasın elmi katibi t.ü.f.d. Təranə Cavadova olub.
Elmi Şuranın iclası institutda aparılan tədqiqatların səmərəliliyinin artırılması, gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və müasir müalicə strategiyalarının tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Paylaş:
Baxış sayı: 4