Elmi-Tədqiqat Kardiologiya İnstitutunun nümayəndə heyəti Çinin ən nüfuzlu tibb ocaqlarından biri olan Tsinqhua Universitetinin Xəstəxanasında olub
19 Oktyabr 2025, 09:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun nümayəndə heyəti Çinin ən nüfuzlu tibb ocaqlarından biri olan Tsinqhua Universitetinin Xəstəxanasında olub.
Xəstəxananın prezidenti professor Canq Minqkui dünya reytinqidə ilk 20-likdə olan Tsinqhua Universitetinin tibb təhsili sahəsində qabaqcıl mövqeyindən, xəstəxananın texnoloji imkanlarından və beynəlxalq akademik əməkdaşlıq platformalarından danışıb.
Xəstəxananın Ürək Mərkəzinin direktoru professor Vanq Lianyi mərkəzin klinik fəaliyyət istiqamətləri, elmi prioritetləri və beynəlxalq tədqiqat proqramları barədə təqdimatla çıxış edib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev çıxışlarında Azərbaycanın kardiologiya sahəsində hazırkı vəziyyəti, səhiyyə islahatlarının elmi-praktik nəticələri və son illərdə ölkədə həyata keçirilən innovativ layihələr barədə geniş təqdimat ediblər.
Professor Gülnaz xanım rəhbərlik etdiyi institutun fəaliyyəti, elmi bölmələri, tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq prioritetləri haqqında danışaraq, Çin kimi inkişaf etmiş ölkələrlə birgə layihələrin gənc kardioloqların və cərrahların təliminə, translasyon elminə və texnoloji bilik mübadiləsinə və suni intelekt, robotik əməliyyatların tətbiqinə mühüm töhfə verəcəyini vurğulayıb.
Azərbaycan nümayəndə heyəti ölkənin səhiyyə sistemində son illərdə baş verən dəyişikliklər, icbari tibbi sığorta islahatları və regionlarda kardioloji xidmətlərin genişlənməsi haqqında da məlumat verib.
Tərəflər imzalanacaq memorandumu müzakirə edib, ürək çatışmazlığı, revaskulyarizasiya texnologiyaları, regenerativ terapiyalar, süni intellektin kardiologiyada tətbiqi kimi istiqamətlərdə mümkün birgə tədqiqatlar barədə fikir mübadiləsi aparıblar. Həmçinin klinik təcrübə və doktorantura səviyyəsində mübadilə proqramlarının, birgə elmi konfransların və publikasiya layihələrinin təşkili müzakirə olunub.


Paylaş:
Baxış sayı: 6