23 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Sənəd Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Prof. Dr. Gülnaz Dadaşova və Genetik Ehtiyatlar İnstitutunun direktoru, akademik Zeynal Əkpərov tərəfindən imzalanmışdır.
Memorandumun əsas məqsədi kardiologiya sahəsində regenerativ tibbin inkişafı, xüsusilə ürək-damar xəstəliklərinin müalicəsində kök hüceyrə texnologiyalarının tətbiqi üzrə birgə elmi-tədqiqatların aparılması, klinik və laborator mühitdə müştərək layihələrin reallaşdırılması, eləcə də ixtisaslı kadrların hazırlanmasıdır.
Tərəflər həmçinin birgə elmi konfransların və seminarların təşkili, yeni müalicə üsullarının tətbiqi, müvafiq elmi nəşrlərin hazırlanması və innovativ texnologiyaların praktik istifadəsi üzrə əməkdaşlıq edəcəklərini bəyan etmişlər.
İmzalanma mərasimində çıxış edən Prof. Dr. Gülnaz Dadaşova qeyd etmişdir ki, bu əməkdaşlıq ürək-damar xəstəliklərinin müalicəsində yeni imkanlar açacaq və pasiyentlər üçün daha effektiv tibbi xidmətlərin təmin edilməsinə töhfə verəcəkdir.
Akademik Zeynal Əkpərov isə vurğulamışdır ki, kök hüceyrələrin tətbiqi sahəsində əldə edilən nailiyyətlərin kardiologiya ilə sintezi Azərbaycan elminin və səhiyyəsinin inkişafında mühüm addım olacaqdır.