Tez-tez verilən suallar

İcbari tibbi sığorta nədir?

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.


İcbari tibbi sığorta hansı ərazilərdə tətbiq edilir?


1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.


İcbari tibbi sığortadan istifadə etmək üçün hansı sənədlər tələb olunur?


İcbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.


İcbari tibbi sığorta çərçivəsində göndəriş hansı halda verilir?


Vətəndaşın müraciət etdiyi tibb müəssisəsində ona tələb olunan tibbi xidmətlərin (dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması və ya stasionar tibbi xidmətin göstərilməsi) göstərilməsi mümkün olmadıqda, həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verir


Müqaviləli tibb müəssisələrinə göndəriş hansı halda verilir?


Ambulator və stasionar tibbi xidmətin TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadığı təqdirdə, dövlət tibb müəssisəsi tərəfindən müqaviləli tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.


Təcili tibbi yardım çağırışları üçün hər hansı məhdudiyyət var?


Dövlət tibb müəssisələri tərəfindən göstərilən təcili tibbi yardım xidmətləri  hər kəs üçün əlçatan və ödənişsizdir. Təcili tibbi yardım çağırışları yalnız təcili və təxirəsalınmaz hallarda edilməlidir.


İcbari tibbi sığorta çərçivəsində stasionar şəraitdə müayinə və müalicə şərtləri hansılardır?


Stasionar şəraitdə müayinə və müalicə tibbi göstəriş və həkim göndərişi əsasında aparılır, bu zaman istifadə olunan dərman, tibbi sərf və gündəlik qidalanma təminata daxildir.


Xidmətlər Zərfi nədir?


Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.


Xidmətlər Zərfinə hansı dərman vasitələri ilə təminat daxildir?


Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər çərçivəsində stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri təminata daxildir.


Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlər hansılardır?


Xidmətlər Zərfinə dövlət proqramları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji xidmətlər, orqan transplantasiyası, süni mayalanma və s. kimi tibbi xidmətlər daxil deyil. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.