1 sentyabr 2025-ci il tarixində Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Kardiologiya İnstitutu
11 Sentyabr 2025, 16:00 - Tədbirlər

11 sentyabr 2025-ci il tarixində Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Kardiologiya İnstitutunda “Ürək-damar sağlamlığında Lipoprotein(a) - nın rolu, riskin dəyərləndirilməsi və müasir yanaşma” mövzusunda beynəlxalq hibrid elmi-praktik seminar keçirilmişdir. Tədbirdə Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstan Respublikasının aparıcı mütəxəssisləri də iştirak etmişlər.
Seminarı institutun direktoru, professor Gülnaz Dadaşova açaraq Lipoprotein(a)-nın ürək-damar sağlamlığında yeni tədqiqat istiqaməti kimi əhəmiyyətini xüsusi vurğulamışdır. Daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələrinin məruzələri dinlənilmişdir.
Çıxışlarda Lipoprotein(a)-nın ateroskleroz riskində yeni biomarker kimi rolu, bu göstəricinin laborator şəraitdə analiz imkanları, həmçinin irsi ötürülmə xüsusiyyətləri barədə mühüm elmi məlumatlar təqdim olunmuşdur.
Eyni zamanda Özbəkistan Respublikasında lipidoloji xidmətin hazırkı vəziyyəti haqqında geniş məlumat verilmiş, Qırğızıstandan olan mütəxəssislər kəskin koronar sindromla xəstəxanaya yerləşdirilən xəstələrdə ailəvi hiperkolesterolemiya və hiperlipoproteinemiya hallarının yayılması ilə bağlı elmi nəticələrini paylaşmışlar. Qazaxıstandan təqdim olunan onlayn məruzədə isə ölkə əhalisində Lipoprotein(a) səviyyələrinin etnik fərqliliklərindən bəhs olunmuşdur.
Müzakirələr zamanı Lipoprotein(a)-nın ürək-damar xəstəliklərində risk faktorlarının proqnozlaşdırılması, erkən diaqnostika və profilaktikada əhəmiyyəti geniş şəkildə dəyərləndirilmişdir.
İştirakçıların fikrincə, bu istiqamətdə aparılan beynəlxalq əməkdaşlıq gələcəkdə ateroskleroz və digər ürək-damar xəstəliklərinin qarşısının alınmasında və müalicəsində daha səmərəli yanaşmaların tətbiqinə mühüm töhfə verəcəkdir.


Paylaş:
Baxış sayı: 6