Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin III iclası və Türk Tibb Dünyası Konqresi öz işinə başlayıb
17 Avqust 2023, 11:00 - Mühüm tarixlər
Özbəkistan Respublikasının Səmərqənd şəhərində avqustun 16-da Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin III iclası və Türk Tibb Dünyası Konqresi öz işinə başlayıb.
Tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatı və Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıb: “Prezident İlham Əliyev TDT-nin IX Zirvə görüşündə çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Dövlət başçılarının birbaşa dəstəyi və himayəsi altında ölkələrimizin ictimai, siyasi, iqtisadi, mədəni, sosial həyatının bütün sahələrində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu həm Təşkilat çərçivəsində, eyni zamanda ikitərəfli münasibətlərdə özünü ən yüksək şəkildə göstərir”.
Azərbaycanın səhiyyə naziri ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaratdığını vurğuladı.


Paylaş:
Baxış sayı: 81