Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKI) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 20–22 may tarixlərində Bakı şəhərində Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti keçirilib.
Tədbirdə dünyanın 11 ölkəsindən aparıcı alimlər, beynəlxalq ekspertlər, səhiyyə sahəsinin rəhbər şəxsləri, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər iştirak ediblər.
Beynəlxalq tədbirin fəxri qonaqları sırasında Səhiyyə Nazirliyinin nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı səfiri, Şimali Kipr Türk Cümhuriyyətinin, Türkmənistanın və Qırğızıstanın səfirləri və diplomatik nümayəndələri, dövlət qurumlarının rəhbərləri, həmçinin beynəlxalq elmi təşkilatların nümayəndələri yer alıblar.
Tədbirin açılış mərasimində çıxış edən ETKI-nun direktoru, professor, tədbirin sədri Gülnaz Dadaşova bildirib ki, Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti yalnız elmi tədbir deyil, həm də Türk dünyasının ortaq tibbi gələcəyinə yönəlmiş strateji əməkdaşlıq platformasıdır.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev tədbirdə çıxışı zamanı bildirib ki, müasir dövrdə səhiyyə sisteminin dayanıqlı inkişafı innovativ texnologiyaların tətbiqi, elmi əməkdaşlığın gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə birbaşa bağlıdır.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Türk dövlətlərinin səhiyyə və elmi sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin, Türkmənistan, Qırğızıstanın səfirləri bildiriblər ki, elmi platformaların yaradılması Türk dünyasının gələcək səhiyyə modelinin formalaşmasına töhfə verir.
Milli Elmər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türk dünyasında elm, səhiyyə və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbir Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 50 DTT ilə akkreditasiya olunub.