Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Sarkopeniya və ürək çatışmazlığı olan xəstələrdə diaqnostika və idarəetmə mövzusunda hibrid formatda elmi-praktiki seminar təşkil olunub
30 Yanvar 2026, 09:00 - Görüşlər

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) “Sarkopeniya və ürək çatışmazlığı olan xəstələrdə: diaqnostika və idarəetmə” mövzusunda hibrid formatda elmi-praktiki seminar təşkil olunub.
Tədbir müasir tibbin aktual problemlərindən biri olan sarkopeniya və onun ürək çatışmazlığı ilə əlaqəsinin multidissiplinar yanaşma ilə müzakirəsinə həsr olunub və professor Rufulla Abdullayev, professor Nazim Abdullayev və t.ü.f.d. Təranə Cavadovanın moderlatorluğu ilə keçirilib.
Açılış sözü ilə çıxış edən ETKİ-nun direktoru, professor, tədbirin sədri Gülnaz Dadaşova tədbirin əhəmiyyətindən, mövzunun klinik praktikada artan aktuallığından və sarkopeniyanın erkən diaqnostikasının xəstələrin həyat keyfiyyətinə birbaşa təsirindən danışaraq, multidissiplinar əməkdaşlığın vacibliyini vurğulayıb.
Elmi proqram çərçivəsində çıxış edən Nigar Babayeva sarkopeniyanın yayılma xüsusiyyətləri və funksional qiymətləndirmə üsulları barədə məlumat verib. Tokio Metropolitan Universitetinin və Amasya Universitetinin dosenti Gökhən Yağız (Türkiyə, onlayn) əzələ toxumasının qiymətləndirilməsində ultrasəs müayinəsinin imkanları və praktik tətbiqlərindən danışıb. Radioloq mütəxəssis Leyla Musayeva sarkopeniyanın dəyərləndirilməsində kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının rolunu diqqətə çatdırıb. Azərbaycan Milli Dietoloqlar və Obezitoloqlar Platformasının (ANDOP) nümayəndəsi Gülsüm Hüseynova bədən tərkibində baş verən dəyişikliklər, laborator göstəricilər və qidalanma yanaşmaları barədə təqdimatla çıxış edib. Milli İdman Təbabəti və Reabilitasiya Elmi-Praktiki İnstitutunun reabilitoloq-fizioterapevti Ülkər İsmayılova isə reabilitasiya və fizioterapiyanın sarkopeniyalı xəstələrin müalicəsində əhəmiyyətini vurğulayıb.


Paylaş:
Baxış sayı: 2