Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.
20 Aprel 2024, 10:00 - Konfranslar

Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və “ETKİ könüllüləri” iştirak edirlər.
I Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.
I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılış mərasimi aprelin 20-də keçirilib. Açılışda giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, Qurulayın vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı vurğulayıb ki, beynəlxalq tədbir Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.
ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova öz çıxışında qeyd edib ki, Qurultayın proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik, debatlar daxildir. Həmçinin professor bildirib ki, elmi tədbirin internet yayımı həkimlərin davamlı tibbi təhsili üçün unikal zəmin yaratmışdır.
3 gün davam edən Qurultaya 1000-dən artıq yerli və xarici mütəxəssislər qatılıb.
Qeyd edək ki, I Türk Dövlətləri Kardioloji Qurultay Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 51 DTT kredit balı ilə qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 28