Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir
16 Yanvar 2026, 10:00 - İclaslar

15 yanvar 2026-cı il tarixində Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclas zamanı İnstitutun 2025-ci il üzrə fəaliyyətinin əsas istiqamətləri, klinik göstəriciləri və gələcək inkişaf prioritetləri müzakirə olunmuşdur.
İclasın açılış nitqində çıxış edən şuranın sədri, institutun direktoru, professor Gülnaz Dadaşova klinik praktikada sübutlara əsaslanan tibbin tətbiqinin, vahid müalicə yanaşmalarının formalaşdırılmasının və beynəlxalq tövsiyələrin milli səhiyyə sisteminə uyğunlaşdırılmasının vacibliyini vurğulamışdır.
Elmi Şuranın iclasında kardiologiya sahəsində Avropa Kardiologiya Cəmiyyətinin (ESC) və Amerika Kardiologiya Assosiasiyasının (AHA) tövsiyələri əsasında milli klinik protokolların hazırlanması məsələsi müzakirə olunmuşdur. Bu təşəbbüs ölkəmizdə ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində vahid, sübuta əsaslanan yanaşmanın formalaşdırılmasına xidmət edir.
Müzakirələrin nəticəsi olaraq müvafiq işçi qrup yaradılmış, məsul rəhbərlik müəyyən edilmiş və ən aktual, klinik baxımdan vacib mövzular üzrə protokolların hazırlanmasına başlanılması qərara alınmışdır.
İclasın əsas mövzularından biri İnstitutun klinikası üzrə 2025-ci il üçün illik hesabat olmuşdur.
İclasda eyni zamanda akademik C. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun Ürək çatışmazlığı şöbəsinin 2025-ci il üzrə illik hesabatı dinlənilmiş, xəstələrin müalicə nəticələri, tətbiq olunan müasir yanaşmalar və klinik effektivlik göstəriciləri müzakirə olunmuşdur.


Paylaş:
Baxış sayı: 2