Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı, Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə 27 sentyabr tarixində “Ümumdünya Ürək Günü”nə həsr edilən Astara
27 Sentyabr 2024, 09:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı, Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə 27 sentyabr tarixində “Ümumdünya Ürək Günü”nə həsr edilən Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və veteran ailələri üçün kardioloji tibbi sosial aksiya keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları, həkimləri, Mərkəzi Gömrük Hospitalının həkimləri, rezidentləri və tibb işçiləri iştirak ediblər.
Tədbirin açılışında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., İsmayıl Əfəndiyev aksiya iştirakçılarını salamlayıb, bildiriblər ki, 27 sentyabr – Anım Günündə Astara rayon Mərkəzi Xəstəxanasında ənənəvi olaraq şəhid və veteran ailələrinin üzvləri üçün tibbi xeyriyyə aksiyası keçirilir. Aksiya zamanı şəhid və qazi ailələrinin üzvləri müxtəlif patologiyalar üzrə müayinələrdən keçəcək, lazımi reseptlər yazılacaq, ehtiyacı olan xəstələrə dərman vasitələri paylanacaq.
Onlar bildiriblər ki, 3 gün ərzində həyata keçiriləcək tibbi xeyriyyə aksiyası zamanı Mərkəzi Gömrük Hospitalının və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yüksəkixtisaslı mütəxəssisləri tərəfindən uroloji, kardioloji, endokrinoloji, nevroloji, oftalmoloji, ginekoloji, travmotoloji, pediatrik və s. xidmətlər göstəriləcək.
Professor Gülnaz Dadaşova “Ümumdünya Ürək Günü”nə həsr edilən Astara Sağlamlıq Günləri çərçivəsində kardioloji tibbi sosial aksiyanın əhəmiyyətindən danışaraq, qeyd edib ki, şəhid və qazi ailələrinin üzvləri ilə yanaşı, bura gələn əhalininin də aksiyada iştirak etməsi, müayinələrdən keçməsi təmin ediləcək.


Paylaş:
Baxış sayı: 17