Professor Gülnaz Dadaşova WHX Labs Dubai beynəlxalq sərgisində Azərbaycanı təmsil edir
9–12 fevral tarixlərində Dubayda keçirilən WHX Labs Dubai beynəlxalq konqres və sərgisində Azərbaycan kardiologiyasını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova təmsil edir. Onun bu mötəbər beynəlxalq platformada iştirakı ölkəmizin kardiologiya sahəsində elmi və praktik potensialının təqdim olunması, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
WHX Labs Dubai laboratoriya tibbi sahəsində regionun ən nüfuzlu illik tədbirlərindən biri hesab olunur. MENA regionunda uzun illərdir uğurla təşkil edilən konqres və sərgi laboratoriya avadanlıqları, məhsulları və xidmətləri üzrə aparıcı beynəlxalq platformadır.
Təşkilatçıların məlumatına görə, builki tədbirdə 46-dan çox ölkədən 678-dən artıq şirkət və 19 600-dən çox laboratoriya mütəxəssisinin iştirakı gözlənilir. Sərgi çərçivəsində altı böyük ekspozisiya zalında 400-dən artıq qabaqcıl laboratoriya tibbi məhsulu və innovativ texnologiya nümayiş etdirilir.
Tədbir laboratoriyaların idarə olunması və diaqnostika sahəsində ən son yenilikləri – diaqnostik testlər, müasir avadanlıqlar, alətlər, reagentlər və sərf materiallarını bir araya gətirir. Konqresin elmi proqramı isə aktual problemlərin və innovativ yanaşmaların müzakirəsinə həsr olunub.
Qeyd edək ki, WHX Labs Dubai 15 il ərzində “Arab Health” sərgisi çərçivəsində formalaşmış təcrübəyə əsaslanaraq, hazırda müstəqil və güclü beynəlxalq platforma kimi fəaliyyətini davam etdirir.