Milli Onkologiya Mərkəzində keçirilən və 7 DTT balı ilə akkreditasiya olunmuş tədbirdə yerli və xarici mütəxəssislər, alimlər, həkimlər və səhiyyə nümayəndələri iştirak ediblər
25 May 2026, 11:00 - Konfranslar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti çərçivəsində 21 may tarixində “Kardio-onkologiya: Türk dövlətləri üçün yeni baxış” adlı elmi tədbir baş tutub.
Milli Onkologiya Mərkəzində keçirilən və 7 DTT balı ilə akkreditasiya olunmuş tədbirdə yerli və xarici mütəxəssislər, alimlər, həkimlər və səhiyyə nümayəndələri iştirak ediblər. Gün ərzində kardio-onkologiya sahəsində müasir yanaşmalar, ürək-damar və onkoloji xəstəliklərin qarşılıqlı əlaqəsi, multidissiplinar müalicə prinsipləri, innovativ tibbi texnologiyalar və süni intellekt əsaslı tibbi həllər ətrafında geniş elmi müzakirələr aparılıb.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Azad Kərimli və digər çıxışçılar kardio-onkologiyanın müasir tibbin ən aktual istiqamətlərindən birinə çevrildiyini vurğulayaraq bildirib ki, ürək-damar və onkoloji xəstəliklərin paralel idarə olunması artıq beynəlxalq səhiyyə sistemlərinin əsas prioritetlərindən biridir. Onlar qeyd edib ki, Türk dövlətləri arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və innovativ texnologiyaların tətbiqi region ölkələrinin səhiyyə sistemlərinin inkişafına mühüm töhfə verəcəkdir.
Konqres və sammit çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş aparıcı mütəxəssislərin məruzələri dinlənilib, iştirakçılar arasında elmi fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.


Paylaş:
Baxış sayı: 4