II Gənc Kardioloqlar Forumu fəaliyyətə başladı
Azərbaycanda gənc kardioloqları bir araya gətirən II Gənc Kardioloqlar Forumunun fəaliyyətinə start verilib.
Forumun ilk günü — 25 sentyabr tarixində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən ixtisaslaşmış kurslarla başlayıb. İlk gündə müasir kardiologiyanın aktual istiqamətlərinə həsr olunan iki kurs təşkil edilib.
İlk kurs transkateter aorta qapağının implantasiyasına (TAVI) həsr olunub. Kursun moderatorları Cahan Qurbanova və Rəşad Əliyev, məruzəçi və praktiki hissənin rəhbəri isə İlqar Tahiroğlu olub. O, TAVI üzrə müxtəlif klinik yanaşmaları təqdim edib və praktiki simulyasiya hissəsinə rəhbərlik edib.
Günün ikinci kursu isə aritmiyaların klinik hallarda idarə olunması mövzusunda hibrid formatda keçirilib. Kursun moderatoru Səkinə Osmanova olub. Kurs çərçivəsində Aytən Hacılı struktur ürək xəstəlikləri zamanı ritm pozğunluqlarının idarə edilməsinə, Səmuray Zəkəriyyəyev isə genetik patologiyalar zamanı ritm pozğunluqlarının idarə edilməsinə dair məruzələrlə çıxış ediblər.
Forumun ilk günündə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova gənc mütəxəssisləri salamlayaraq onlara uğurlar arzulayıb. Professor forumun gənc kardioloqların peşəkar inkişafı, bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.
II Gənc Kardioloqlar Forumun əsas günü 26 sentyabr elmi müzakirələr, praktiki sessiyalar və gənc mütəxəssislərin fəal iştirakı ilə davam edəcək.