Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən və regionun ən qabaqcıl tibb mərkəzlərindən biri hesab olunan Ruijin Hospital-da beynəlxalq səhiyyə əməkdaşlığı baxımından mühüm tədbirlər keçirilir.
Belə ki, tibb müəssisəsinin bazasında metabolik xəstəliklər üzrə beynəlxalq əməkdaşlıq platforması çərçivəsində silsilə elmi görüşlər təşkil olunmuş, şəkərli diabet, piylənmə və ürək-damar xəstəliklərinin müasir idarə olunması istiqamətində qabaqcıl yanaşmalar müzakirə edilmişdir.
Səfər çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova Ruijin Hospital və onun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış klinik və elmi bölmələrlə yaxından tanış olmuş, keçirilən görüşlərdə fəal iştirak etmişdir. Professor Gülnaz Dadaşova beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu kimi platformalar innovativ tibbi texnologiyaların tətbiqi və Azərbaycan səhiyyəsinin davamlı inkişafı baxımından xüsusi önəm daşıyır.
Səfərin davamı olaraq nümayəndə heyəti Çinin Çançjou şəhərində yerləşən və dünyada yüksək texnologiyalı tibbi avadanlıqların istehsalı sahəsində aparıcı şirkətlərdən biri olan United Imaging Healthcare-in istehsal müəssisəsində olmuşdur.