Bakıda gənc kardioloqların peşəkar inkişafına, müasir tibbi biliklərin paylaşılmasına və yeni nəsil mütəxəssislər arasında təcrübə mübadiləsinə həsr olunan II Gənc Kardioloqlar Forumunun rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimini Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, forumun sədri Gülnaz Dadaşova açıb. Professor Gülnaz Dadaşova çıxışının əvvəlində forumun keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təşəkkürünü ifadə edib, gənc həkimlərin inkişafı və müasir tibbi biliklərə çıxışının təmin olunması istiqamətində göstərilən diqqətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O çıxışında qeyd edib ki, gənc kardioloqların peşəkar inkişafına yaradılan imkanlar yalnız onların fərdi karyera inkişafı baxımından deyil, bütövlükdə ölkənin səhiyyə sisteminin və kardiologiya sahəsinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır:
“Cənab Prezidentimiz İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva tərəfindən gənc mütəxəssislərə göstərilən diqqət və onların inkişafı üçün yaradılan imkanlar bizim üçün olduqca dəyərlidir. Çünki bu gün yetişdirdiyimiz gənc həkimlər sabah Azərbaycan səhiyyəsinin əsas aparıcı qüvvələrindən biri olacaqlar.– deyə Gülnaz Dadaşova bildirib.
Açılış mərasimində Milli Məclisin deputatı Hicran Hüseynova, Milli Məclisin deputatı Şahin İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Elnarə Muradova, deputat Rəşad Mahmudov, deputat İlham Məmmədli, deputat Müşfiq Məmmədli və digərləri çıxış edib, iştirak ediblər.
Çıxışlarda gənclərin peşəkar inkişafının, onların elmi və ictimai fəaliyyətə fəal cəlb olunmasının, eləcə də səhiyyə sahəsində yeni nəslin formalaşmasına göstərilən diqqətin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, II Gənc Kardioloqlar Forumunun əsas tədbirindən əvvəl müxtəlif istiqamətləri əhatə edən xüsusi kurslara start verilib. Forum çərçivəsində TAVI istiqaməti üzrə praktiki kurs, eləcə də aritmologiyaya həsr olunmuş hibrid formatlı kurs keçirilib.
Forum 2 gün davam edib və ümumi 17 DTT olaraq qiymətləndirilib