Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Kardiologiya İnstitutunda elektrofiziologiya (EPİ) laboratoriyası istifadəyə verilib. Bu, dövlət tibb müəssisəsində yaradılan ilk belə ixtisaslaşmış laboratoriyadır.
Yeni yaradılmış laboratoriyada ürək ritm pozğunluqlarının diaqnostikası və müalicəsi məqsədilə invaziv elektrofizioloji müayinələr aparılır. Müasir tibbi avadanlıqlar vasitəsilə ürəyin “elektrik xəritəsi” hazırlanır, aritmiyaya səbəb olan ocaqlar dəqiq müəyyənləşdirilərək ablasiya üsulu ilə aradan qaldırılır.
Əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, bu prosedurlar ölkədə ilk dəfə olaraq dövlət tibb müəssisəsində və tam ödənişsiz əsaslarla icra edilir. Bu isə vətəndaşların yüksək ixtisaslı aritmoloji xidmətlərə əlçatanlığını artırır.
Laboratoriyanın fəaliyyətə başlaması ürək ritm pozğunluqlarından əziyyət çəkən xəstələrin vaxtında və effektiv müalicəsinə geniş imkanlar yaradacaq, eyni zamanda onların özəl tibb müəssisələrinə müraciət ehtiyacını minimuma endirəcək.