Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir
24 Aprel 2023, 10:00 - Mühüm tarixlər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə aprelin ikinci yarısında Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir.

Həftə ictimaiyyətin diqqətini bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumaq üçün əsas profilaktik tədbirlərdən biri kimi immunizasiyaya cəlb etmək məqsədi daşıyır. ÜST ailələri uşaqlarının ölümcül xəstəliklərə qarşı peyvənd olunduğundan əmin olmağa çağırır.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev aprelin 24-dən 29-na kimi respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin keçirilməsi, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

İmmunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə bir sıra rayonlarda maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

 



Paylaş:
Baxış sayı: 227