29 sentyabr 2025-ci il tarixində “Gənclik Mall” ticarət mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ürək Gününə həsr olunmuş genişmiqyaslı maarifləndirici-tibbi aksiya keçiri
29 Sentyabr 2025, 13:00 - Görüşlər

29 sentyabr 2025-ci il tarixində “Gənclik Mall” ticarət mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ürək Gününə həsr olunmuş genişmiqyaslı maarifləndirici-tibbi aksiya keçirilib.
Aksiya zamanı institutun peşəkar həkim-mütəxəssisləri vətəndaşlara infarkt və ürək-damar sistemi (ÜDS) xəstəliklərinin qarşısının alınması yolları, sağlam həyat tərzinin əhəmiyyəti və risk faktorları barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, son illərdə ÜDS xəstəliklərinin “cavanlaşması” müşahidə edilir və bu, əsasən səhv qidalanma, qeyri-düzgün həyat tərzi, ətraf mühitin çirklənməsi və ən əsası insanların vaxtında həkim müayinəsindən keçməməsi ilə bağlıdır.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova bildirib ki, bu cür aksiyalar cəmiyyətin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Aksiya çərçivəsində portativ tibbi cihazlarla vətəndaşların qan təzyiqi, qanda oksigenin miqdarı və şəkər səviyyəsi ölçülüb, nəticələr barədə onlara dərhal izahlı məlumat verilib. Tədbir paytaxt sakinlərinin böyük marağına səbəb olub və gün ərzində yüzlərlə vətəndaş maarifləndirici xidmətlərdən yararlanıb.
Bu aksiyanın Ümumdünya Ürək Gününə həsr olunması isə həm qlobal, həm də milli miqyasda ürək sağlamlığının prioritet məsələlərdən biri olduğunu bir daha diqqətə çatdırıb.


Paylaş:
Baxış sayı: 14