25–26 iyul 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində 6-cı «Kəmər və Yol» Akademik Forumu keçirilir.
Tədbirin ilk günü çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və ETKİ-nin böyük elmi işçisi, t.ü.f.d Vüsal Hacıyev Sincan Uyğur Muxtar Vilayətinin Xalq Xəstəxanasının fəaliyyəti ilə tanış olublar.
Ziyarət zamanı bildirilib ki, burada 5000-dən çox əməkdaş, o cümlədən yüzlərlə təcrübəli həkim və professor çalışır.
Xəstəxana ildə 2 milyondan çox ambulator xəstəyə xidmət göstərir, 90 mindən çox əməliyyat həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təchiz olunan xəstəxanada uğurla robotik cərrahiyə icra olunur, 2 min km aralıda olan xəstələri robotlar vasitəsi ilə angioqrafiya, stend implantasiyası, əməliyyatlar icra olunur, həmçinin ürək, böyrək və ağciyər transplantasiyası uğurla icra olunur. Bura eyni zamanda elmi-tədris mərkəzi kimi də fəaliyyət göstərir və bir sıra milli və regional ixtisaslar üzrə həkim hazırlığı aparılır.
Müəssisə həmçinin Çin Səhiyyə Nazirliyi tərəfindən beynəlxalq təcili yardım mərkəzi kimi tanınıb.
Xəstəxana rəhbərliyi ilə görüş zamanı professor Gülnaz Dadaşova qeyd edib ki, Sincan regionunda səhiyyənin inkişafında böyük rol oynayan bu mərkəz, beynəlxalq əməkdaşlıq və akademik mübadilələr üçün də önəmli platformadır və bu öz növbəsində Azərbaycan ilə Çin birgə səhiyyə əməkdaşlığında öz töhfəsini verəcək.