t.ü.f.d., dosent Rafiq Yusifli - Stress, Stress kardiomiopatisi və ya Qırıq qəlb (ürək) sindromu.

2022-06-11
Yəqin ki, gündəlik həyatda onu tanıyanların sağlam hesab etdiyi bir şəxsin qəflətən baş verən ağır hadisə, əziz adamının vəfatı, itkin düşməsi, təbii fəlakət və ya digər səbəbdən qısa zamanda külli miqdarda maddi ziyana düşməsi, ailə həyatının dağılması, özü və ya yaxınlarında ağır xəstəliklərin aşkar olunması fanatı olduğu futbol komandasının uduzması və ya belə bədbəxt hadisələrlə müqayisədə çox az təsadüf edilsə də, həddən artıq sevincli hadisədən sonra heç ətrafdakılara bir söz deyə bilmədən, ani, qəflətən ölməsi, miokard infraktı keçirməsi, qan təzyiqinin həddən çox yüksəlməsi, beyinə qan sızması, qanda şəkərin ilk dəfə olaraq çox yüksəlməsinin aşkarlanması kimi halların şahidi olmusunuz, eşitmisiniz və mətbuatda oxumusunuz.
Xalqımızın həyatında, tarixində əbədi yaşayacaq, qızıl hərflərlə yazılacaq 44 günlük şərəfli müharibədə döyüşçülərin yaralanması, şəhid olmasından yaxınlarının miokard infarktı, insult keçirməsi və ürək tutmasından qəfləti ölməsi heç də uzaq keçmişin hadisəsi deyildir. Hər gün ordumuzun hünərinin, ərazilərimizin düşməndən təmizlənməsinin xəbərini eşitdikcə sevindiyimiz qədər və ondan daha da çox yaralı və bəzən yeganə övladı şəhid olanların hansı sarsıntılar keçirdiyinin şahidi olurduq. Bu yaxınlarda yeganə subay leytnant oğlu qələbə xəbərinə bir neçə saat qalmış şəhid olmuş ananı müayinə etdikdən sonra, deyəndə ki, ürəyin sağlamdı, narahat olma, o ana mənə heç vaxt unuda bilməyəcəyim-bu dərddən sonra ürəyimin sağlam qalmasından utanıram-sözlərini dedi. Xeyli vaxt ötsə də, o ailələrdə bir daha qara rəngdən başqa paltar geyməyəcək ana, bacıların, gəlinlərin bu dərdlə yaşaması davam edəckdir.
Müharibənin gedişi dövründə, bütün günü qucağında "Qurani Kərim” Allaha yalvaran, övladını gözləyən, "təki balam gəlsin, mənə nə olur olsun” deyən, bu vaxta qədər heç bir xəstəliyi olmayan 47 yaşlı ananın cəbhədən evlərinə qayıdan oğlunun boynunu qucaqladığı anda, hamının gözü qarşısında vəfat etdiyi haqqında mətbuat məlumatlarından yəqin çoxunuz xəbərdarsınız.
      Əksəriniz bu aqilə faciəsinin heç kimin ağlına gəlmədiyi, gözləmədiyi halda baş verməsi səbəbinin haqlı olaraq sevincin ən yüsək mərhələsində orqanizmdə baş verən ciddi bir vəziyyətlə, çoxunuza adı tanış olan streslə (stress ingiliscə -təzyiq, yüksək gərgin vəziyyət deməkdir) əlaqəli olduğunu düşünürsünüz və haqlısınız, çünki, olanları başqa bir səbəblə izah etmək çətindir.
Davamlı olaraq müxtəlif səbəbli gərginliklərin, sıxıntıların, məhdudiyyətlərin, bir sözlə stresin insan sağlamlığına təsiri barədə sosialist baxışına görə ağır şəraitdə həbsxanalarda yatan, sonda Moskvada yaşamağı bir xilas yolu hesab edən, orada yaşayan, vəfat edən və orada dəfn olunan böyük türk şairi Nazim Hikmətin, mənim və o şeirlə tanış etdiyim həmkarlarımın çox sevdiyi bir "Angina pektoris” (stenokardiya xəstəliyinin latınca adıdır) şeiri var. O dövrlər Çində vuruşan, həlak olan türk əskərlərinin, Yunanıstanda güllələnən inqilabçıların və haqsız yerə həbsxanalarda çürüyən "mahkûmların” dərdindən, əsl mənada ürək ağrısından, "Angina pektoris”-dən əziyyət çəkən şair, öz şeirində xəstəliyinin səbəbini belə təsvir edir (şairin öz səsi ilə dediyi bu şeirə qulaq asmanızı məsləhət görürəm. (https://www.youtube.com/watch?v=CGu-2Q1gJ9I)
"Ne arteryo skleroz, ne nikotin, ne hapis,
işte bu yüzden, doktorcuğum, bu yüzden
bende bu angina pektoris”…
Yeri gəlmişkən bu yerdə Nazim Hikmətin edam təhlükəsi ilə 15 illik həbsxana dövründə, onun üçün min cür əziyyətlərə dözən xanımı Hatice Pirayəyə yazdığı şeirdən də bir neçə misranı yazmaya bilmirəm. Çünki burada şair psixoloji ağrıya, acıya hamının eyni dərəcədə tab gətirmədiyi, bu gərginliyin, dərdin gec, ya tez unudulduğu, ən əziz insanlarını itirənlərin belə, "Torpağın üzü soyuqdur” deyimindəki kimi, dərdin bir az səngidiyi, insanın stresdən azad olduğu vurğulanır.
"Seni asarlarsa seni kaybedersem diyorsun,
"yaşıyamam! "
Yaşarsın karıcığım,
kara bir duman gibi
dağılır hatıram rüzgarda,
yaşarsın kalbimin
kızıl saçlı bacısı,
en fazla bir yıl sürer
yirminci asırlılarda ölüm acısı.
      Stresdən hətta ən sağlam hesab edilən insanların səhhətində ciddi probləmlər baş versə də, onlarla müqayisədə miokard infarktı keçirmiş, stenokardiya və arterial hipertoniyası olanlarda stress nəticəsində ağırlaşmalar, o cümlədən ölüm hadisəsi dəfələrlə çox baş verir. Miokard infarktı keçirmiş məşhur bir həkimin, "İndi həyatım, məni əsəbləşdirən bir əclafın əlindədir” sözləri bu deyilənləri təsdiq edir.
Gündəlik həyatımızda çox işlədilən, əksəriyyətin təhlükəli bir hal hesab etdiyi stresin mahiyyəti barədə ilk geniş məlumatlar kanadalı alim Hans Selye (1936) tərəfindən verilmişdir. Alimə görə stress orqanizmdə xarici mühitin hər hansı təsirinə qarşı yaranan qeyri-spesifik cavabdır, yəni təsirlər fərqli, yaxşı ya pis, maddi ya mənəvi, fiziki ya kimyəvi olsa da, onların təsirindən qanda, üzv və toxumalarda baş verənlər mahiyyətcə eynidir. Sadəcə azlığında, çoxluğunda, uyğunlaşmaya olan ehtiyacın intensivliyində fərq vardır.
Stress təsirlərə qarşı orqanizmin səfərbərliyinə, uyğunlaşmasına, nizamlanmasına və problemin həllinə xidmət edir. Ona görə də, orqanizmdə yaranan stress halını, gərginliyi ancaq zərərli, patoloji hal hesab etmək, fikirsiz, qayğısız, problemsiz yaşamağın mümkünlüyünü təsəvvür etmək çətindir.
Hans Selye özü bu barədə: "Hətta tam sakit yatmış adam belə, yuxuda da stress keçirir. Stresdən azad olmaq, ölmək deməkdir” yazmışdır.
Türk dünyasının filosof şairi B.Vahabzadənin bu sözləri yuxarıda deyilənləri təsdiq edir:
"Təbiət, qoy məni gülsüz, çiçəksiz,
Fikirsiz, xəyalsız qoyma amandır.
Fikirdən insanlar tez qocalır tez,
Fikirsiz qocalmaq daha yamandır”.
      Dahi dünya yazıçısı L.N.Tolstoyun da buna bənzər bir sözü yadıma düşür: "Bir şeyi xoşbəxtlik, digərini bədbəxtlik adlandırırıq, əgər bunlara sınaq kimi baxsaq, hər ikisi bizim üçün xeyirlidir”.
      İnsanlar həyatda baş vrerən, ona təsir edən amillərə qarşı heç özü hiss etmədən də dəyişilməyə, uyğunlaşmağa məhkumdur. Adi bir misal, ətrafın hava dəyişmələrinə, maqnit burulğanlarına qarşı orqanizmin daxilində, neyrohumoral adlandırılan sistemdə uyğunlaşma prosesləri yaranır. Bioloji fəal maddələr artır ya azalır, mübadilə prosesləri güclənir ya yavaşıyır, damarlar sıxılır ya genişlənir, qan təzyiqi dəyişir və nəticədə daxili sabitlik (özününizamlama, homeostaz) yaranır. Əbəs deyil ki, hava haqqında gündəlik verilən məlumatlarda atmosferdə gözlənilən dəyişmələr barədə hamıya və xüsusən, xəstələrə xəbərdarlıq edilir ki, səhhətlərində baş verə biləcək hadisələrə davamlı olmaq üçün həkim məsləhətlərinə əməl etsinlər.
Hans Selye nəzəriyyəsinə görə qorunma, mübarizə, uyğunlaşma orqanizmdə əmələ gələn və həyat üçün vacib olan adrenalin hormonu ilə (buna "stress hormonu” da deyilir) həyata keçirilir. Xarici təsirlərlə mübarizə, ona qarşı cavab anında adrenalinin qanda miqdarı normadan, fizioloji tələbatdan dəfələrlə çox yüksəlir. Təsəvvür edin, hər hansı canlı ona yaxınlaşan təhlükədən qorunmaq üçün ya qaçmalı, ya da döyüşə girməlidir ("ya qaç, ya vur”), bu halda adrenalin orqanizmin bütün ehtiyatını müqavimət göstərməyə sərf edir. İnsan adi halda edə biləcəyindən daha yüksək sürətlə qaça, ağır yükün öhdəsindən gələ bilir. Hətta həmin insan ona bu gücün haradan gəldiyini anlaya bilmir, çox vaxt- "Allah elə bil mənə yeni güc verdi” deyir. Hamımız belə halları görmüşük, bunu sübut edən çoxlu misallardan birini qeyd etməyi lazım bilirəm.
        Ana həyətdə oynayan övladının qışqırtısına həyətə qaçır və uşağının oynadığı meydançada ayağının üstünə böyük bir tirin düşdüyünü görür, cəld tiri qaldırır və uşağı oradan qurtarır. Əhvalatı eşidib, hadisə yerinə gələnlər, bu tiri qolu zorlu kişilərin qaldıra bilməyəcəyini gördükdə donub qalırlar. Bax, bunun səbəbi yüksək psixoemosional gərginliyə qarşı orqanizmin bütün qoruyucu mexanizmlərini, müdafiyə sistemini, əzələ gücünü qısa müddətdə səfərbər edən qanda miqdarı dəfələrlə yüksələn adrenalindir.
      Streslər iki cür olur: -xroniki və kəskin streslər. Bəzi hallarda xroniki streslər orqanizmin üzv və sistemlərini məşq etdirir, orqanizm bu hallardan çox da ziyan görmür, hətta müsbət təsirli emosiyalardan, eustreslərdən (yunanca " faydalı stress”) orqanizm faydalanır, el arasında deyildiyi kimi "öyrəncəli” olur, getdikcə orqanizmin mübarizə qüvvəti artır, atalar sözündə deyildiyi kimi "Çəkişməsən bərkişməzsən”. Məsələn, bədənin istinin, soyuğun təsirinə öyrədilməsi onun müqavimətini, immun sisteminin davamlılığını artırır, belə insanların çayın, dənizin buzlu suyunda çimdiyini yəqin çoxlarınız görmüşdür. Bu hal təkcə fiziki faktorların təsirinə aid deyilməyib, psixoemosional gərginliklərə də aiddir. Məşhur bir filosof, hər gün gənc arvadının dedi-qodusuna, əsəb gərginliyinə o qədər adət etmişdi ki, sonralar təmkinliyi ilə seçilirdi. Ondan "bu təmkinlik sizdə haradandır” sualına, "Mən buna görə arvadıma borcluyam” deyirmiş.
Bəzi insanlarda müsbət təsirli streslərə ehtiyac, adrenalindən asılılıq, "adrenalin aclığı” yaranır, onlar özlərində bu halı aradan qaldırmaq üçün hər cür çətinliyə, riskə dözürlər. Sürətlə axan dağ çayında qayalrın arası ilə rezin qayıqda şütüyənlrin, paraşütlə tullalananların, sıldırım qayalardan xizəklə, velosipedlə ildrım sürəri ilə enən, yüksək qayadan suya atılananların, küçədə binaların birinin üstündən digərinin üstünə atilan cavanları və digər həyat üçün təhlükəli ekstremal idman növləri ilə (o cümlədən ölkəmizdə neçə illərdir keçirilən Formula 1 yarışları) məşğul olanların üzündəki gərginlik və sonrakı qələbə sevincini yəqin ki, görmüşsünüz. Müəyyən edilmişdir ki, bu hallarda orqanizmdə adrenalindən əlavə norepinefrin adlanan maddə də əmələ gəlir ki, bu da eyforiya, sevinc və bunlardan doğan xoşbəxtlik hissi yaradır.
Lakin, müsbət təsirli streslərdən fərqli olaraq, mənfi təsirli streslər, ailədə söz-söhbət, daimi qulluq tələb edən ağır xəstələrin olması, işini, qazanc yerini itirmə təhlükəsi, cəmiyyətdə haqqın nahaqqa verilməsi, ailə, məişət qayğılarının uzun müddətli davam etməsi insan orqanizmi üçün ziyanlı stress halı, distress (yunanca "itirilmə”) şəraiti yaradır. Həkimlərin müşahidəsinə görə evində qoca, iflic keçirmiş, qüsurlu doğulmuş uşaqlara, ruhi xəstələrə qulluq edənlərin 80%-dən çoxunda xroniki stress, distress halı yaranır. Distress halında insan bu halı yaradan amillərə uyğunlaşa bilmir, qeyri-adekvat cavab verir, passivlik, aqressivlik, həyatdan küskünlük, özüənəqəsdə, depressiyaya, tərkidünyalığa alkoqolizmə, narkomaniyaya meyllik hallarına çox təsadüf edilir. Distress zamanı orqanizmin bioritmləri, yuxu, istirahət rejiminin pozulması və bütün hormonal sistem funksiyalarında ciddi dəyişikliklər baş verir.
      Belə davamlı vəziyyət çox təhlükəlidir, şəkərli diabet, arterial hipertoniya, ürəyin kəskin və xroniki işemik xəstəliklərinin əsasında dayanan aterosklerozun inkişafına və digər daxili üzvlərin çoxsaylı zədələnməsinə səbəb olur.
Stress əmələ gətirən amil "stressor” adlanır və aşağıdakı növləri vardır:
-Fizioloji (aşağı, yüksək temperatur təsiri, həddən artıq fiziki gərginlik, travmalar, aclıq, susuzluq, xəstəlik və s.);
-Psixoloji-əsəb (təhlükə, qorxu, qərar qəbul edilməsi, uyğunlaşması çox çətin olan hadisələr və s.);
-İnformasiya ( məlumatlarla yüklənmə, təcili həll edilməli, cavab verilməli hallar və s.);
-Emosional (ailədə, işdə konfilikt halları, maddi çətinliklər, uzun müddət davam edən digər zədələyici gərginliklər və s.).
Bu stressorlar həm ayrılıqda, həm də, birlikdə ola bilir. Son 30 ildə Qarabağ hadisəsi ilə əlaqədar bunların hər şəxsdə, ailədə eyni zamanda olduğunu (ölüm qorxusu, yaxın adamların ölümü, itkin düşməsi, evsiz-eşiksiz qalmaq, ağır maddi çətinliklər, müflis olmaq, biganəlik, çarəsizlik, informasiya boşluğu və s.) anlamaq məncə çətin deyil. Respublikada tanınmış psixiatr, rəhmətlik professor Ağabəy Sultanovun belə bir sözü vardı: "Qarabağ problemi bütöv bir millətin stresidir”.
      Stresin orqanizmdə törətdiyi hallar əksər halda mərhələlərlə baş verir: 1) Həyəcan, 2) Rezistentlik, müqavimət, 3) Üzülmə, dözümsüzlük. Lakin bu mərhələlərin davam müddəti, sürəti fərqli olmaqla bərabər, başa çatmadan dayanması da ola bilər. Məsələn, həyəcan törədən amil tez yox olarsa, sonrakı mərhələlər olmaya bilir və ya müqavimət mümkün olsa, üzülmə mərhələsi olmaya bilir. Çox güclü, davamlı stressor keçid mərhələr arası müddəti qısalda, şok effekti yarada bilir.
      Həyatda yaxşı ya pis, xoşa gələn ya gəlməyən hadisələr həmişə var, stress də həmişə olacaq, bu qaçılmazdır. Bu gərginliklərin, stresin altından çıxmaq, ona tab gətirmək üçün müdriklik, təcrübə, iradə, elm, bilik, inam, səbr, təmkin, soyuqqanlılıq, ətrafdakıların qayğısı, köməyi və bir sözlə çox şey lazımdır. El arasında təsadüfü deyilməmişdir: "İgid odur atdan düşə atlana, igid odur hər əzaba qatlana” və yaxud "Beş dəfə yıxılan, altı dəfə durmağı bacarmalıdır”.
İnsanların distress halından çıxması üçün ətrafdakıların, cəmiyyətin, dövlətin üzərinə böyük iş düşür. Yuxarıda "Qarabağ problemi bütöv bir millətin stresidir” fikri ilə yanaşdıqda, hökümətimizin, xalqımızın, ordumuzun "Dəmir yumruqda” birləşib qalib gəlməsi nəticəsində, millətin stress halının aradan qalxması, insanların depressiya, ümidsizlik, başıaşağılıqdan necə xilas olması göz önündədir. İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının məişət qayğılarının təmin olunması, aztəminatlı insanlara yardımlar edilməsi bütünlükdə millətin psixoloji durumunun stabilliyinin qorunması üçün çox vacibdir. Ölkəmizdə bu qayğıkeşlik işinin yüksək təşkil edilməsi diqqət mərkəzində saxlanılır və getdicə genişləndirilir.
      Stress təsirindən orqanizmdə baş verənlərin xəstəliklərin, ölümlərin hamısının səbəbi, təsiredici vasitəsi bu nəzəriyənin banisi Hans Selyenin yuxarıda qeyd etdyimiz fikrinə görə orqanizmdə əmələ gələn və həyat üçün vacib olan adrenalin hormonudur.
Stress nəticəsində qanda adrenalin və ondan başqa bəzi hormonlar, o sümlədən kortizolun, şəkərin səviyyəsi də yüksəlir. Bunlar ürək vurğularının sayı, ürəyin və skelet əzələlərinin yığılma gücünü, tənəffüsün intensivliyini artırır. Adrenalinin orqanizmə təsir nümunəsini diş həkiminin müalicəsini alanlar daha yaxşı anlaya bilərlər. Stomatoloqlar diş müalicəsi və ya çəkilməsi zamanı dişin dibinə vurulan keyləşdirici lidokain məhlulunun tərkibinə cüzi miqdarda adrenalin qatdıqda, xəstələrin çoxu ürəkdöyünmə, həyəcan, bədəndə titrəmə hiss edirlər. Bəzi xəstələrdə qan təzyiqi yüksəlir, ürək-damar sisteminə düşən yük artır, ürəyi qidalandıran damarların işində problem yarana bilir. Ona görə diş həkimləri yaşlı və ürək-damar xəstəliyi olanlarda adrenalindən istifadə etməməyə çalışır və kardioloqlarla məsləhətləşirlər.
Adrenalinin miqdarının yüksəlməsi orqanizmə təsir edən amilin, stressorun gücündən və davam müddətindən asılıdır. Adi bir həyəcandan yaranan hal 5-10 dəqiqədən sonra keçsə də, çox ağır gərginliyin, stresin törətdiyi vəziyyət güclü və daha davamlı olur.
        Uzun müddət davam edən, təkrarlanan xoşagəlməz hallar, mənfi psixoemosional gərginlik törədən bədbəxt hadisələr təkcə ürək-damar sistemi (işemik xəstəliklər, qan təzyiqinin yüksəlməsi, aritmiyalar) deyil, sinir, həzm, endokrin və hazırda diqqət çəkən immun sistem üçün də zərərsiz ötüşmür. Stresin davam vaxtı uzandıqca insanlarda şəkərli diabet, qalxanvari vəz fəaliyyətinin pozulması (hiper və ya hipotireoz), mədə xorası, hətta müxtəlif üzvlərdə bəd xassəli şişlərin baş verməsi həkimlərə, elə əhaliyə də yaxşı məlumdur.
Stresdən, kəskin psixoemosional gərginliklərdən yaranan ən diqqət çəkən xəstəlik "Takotsubo kardiomiopatisi” (takotsubo cardiomyopathy) və ya "Stress kardiomiopatisidir” (stress cardiomyopathy) (kardiomiopati, ürək əzələsi fəaliyyətinin pozulması olan xəstəliklər qrupudur).
        Xəstəliyə tibbi ədəbiyyatda azərbaycanca ”Qırıq qəlb (ürək) sindromu”, türkcə -"Kırık kalp sendromu”, ingiliscə- "Broken-heart syndrome” və rusca- "Синдром разбитого сердца” kimi romantik adlar da verilmişdir (sindrom, xəstəlikdə rast gəlinən ümumi səbəbli əlamətlərin, simptomların toplusu deməkdir). Bu vaxta qədər xəstəliyə tədqiqatçıların hansı əlaməti vacib qəbul etmələrindən aslı olaraq 70-ə qədər ad verildiyi məlumdur (bizcə də ürəyin bu halını "ürəyin dərin nokautu” kimi adlandırmaq olar).
        Müxtəlif mənbələrə görə kəskin koronar sindrom (ürəyin qan təchizatının kəskin pozulmasından törənən xəstəliklərinin ümumiləşdirilmiş adı) diaqnozu ilə klinikalara daxıil olanların 1,7-2,2%-də stress kardiomiopatisinə rast gəlinir. Yeri gəlmişkən qeyd edək ki, bir şəxsdə stress kardiomiopatisi müxtəlif müddətdən sonra təkrar baş verə bilər.
Bu diaqnozla qeydə alınanların miqdarı faktik olanlardan xeyli azdır, belə ki, kəskin koronar sindrom diaqnozu ilə klinikalarda müalicə alanların bir hissəsinin stress kardiomiopatisi olması, amma ona düzgün, dəqiq diaqnoz qoyulmaması, öz adı ilə adlandırılmaması, nəzərdən qaçırılması, klassik miokard infarktı kimi qiymətləndirilməsi halları çoxdur. Əslində belə yanaşma, yəni xəstəliyə klassik miokard infarktı kimi yanaşılması və müalicəyə cəlb edilməsi xəstəyə bir ciddi ziyan gətirmirsə də, onun həyatının sonrakı illərində əmək qabiliyyətinin, əlilliyin qiymətləndirilməsində, işə düzəlməsində (əksər halda xəstəlikdən tam sağalma baş verir), ailə həyatının qurulmasında qeyri-müəyyənlik, anlaşılmazlıq və problemlər yarada bilər.
        Dünyanın hər ölkəsində stress kardiomiopatisi xəstəliyi vardır, əgər bir ölkədə və ya klinikada bu xəstəlik az qeydə alınır və ya heç qeydə alınmırsa, bu ancaq həkimlərin xəstəlik barədə məlumatlarının azlığı və ya müayinə imkanlarının (exokardioqrafi, angioqrafi, ventrikuloqrafi və s.) olmaması ilə izah oluna bilər. Yəqin hər bir kardioloqun praktikasında klassik miokard diaqnozu qoyduğu xəstədə koronar damarlarda ciddi, hemodinamik əhəmiyyətli daralmaların olmadığı, ürəyin böyük sahəsini tutan infarkt olsa da (bunun "sirkulyar” infarkt hesab edilməsinə də rast gəlinir), tez bərpa olduğu müşahidə edilmişdir. Çox vaxt bu hal damarda trombun öz-özünə əriməsinin, spontan trombolizisin nəticəsi kimi qiymətləndirilir. Bu mümkündür, amma belə halların stress kardiomiopatisi ola bilməsi də düşünülməlidir.
      Böyük Britaniyada ildə 2500-ə yaxın stress kardiomiopatisi xəstəliyi aşkar edilir (mənim çox sevdiyim bir hesablama var, statistikanın üzü sərt olur, həmin ölkədə, yəni Böyük Britaniyada əhali və hər milyon nəfərdə aşkar olunan stress kardiomiopatisi sayını standart kimi qəbul edib, digər ölkələrdə də vəziyyəti yuvarlaq şəkildə qiymətləndirmək olar. Bu müqayisə hər hansı bir xəstəliyin ölkədə yayılmasının öyrənilməsində də aparıla bilər. Təəssüflər olsun ki, hələ də ölkəmizdə ən vacib ürək-damar xəstəliklərinin yayılması haqqında məlumatlara malik deyilik, statistik nəticələri ancaq digər ölkələrin səviyyəsinə uyğunlaşdırırıq.
Qeyd etmək lazımdır ki, Avropa Kardioloqlar Cəmiyyətinin son 10-15 ildə keçirilən konqreslərində stress kardiomiopatisi barədə müzakirələr aparılandan sonra, xəstəliyin diaqnozunun qoyulmasına və müalicəsinə diqqət xeyli artmışdır.
        Xəstəlik bütün yaşlarda baş verə bilər, hətta 2 yaşı olan uşaqda tapılması barədə ədəbiyyatda məlumat vardır. Belə məlumatları oxuduqda, ailədə körpə uşaqları müəyyən vasitələrlə, güya zarafatla, sevərəkdən (itlə, pişiklə, siçanla, ilan balası, həşaratla və s.) qorxutduqda müdrik nənələrimizin, babalarımızın həyacanla "neyniyirsiniz uşağın bağrı çatdıyar (sözün sərtliyinə baxın!), uşağı heylə qorxutmaq olar, dəlisiniz!?” sözləri əbəs yerə demədiklərini anlayıram. Deməli, qorxudan uşaqlarda belə halların baş verə bildiyini onlar da müşahidə etmiş və ya eşitmişlər.
        Xəstəlik ən çox (80-85% halda) klimaksdan sonrakı yaş qruplarındakı qadınlarda olur, bu həmin dövrdə onların qanında estrogen hormonların miqdarının, onların qoruyucu təsirinin aşağı düşməsi ilə yanaşı, bizcə qadınların daha emossional, hər hadisəyə, digərlərinin dərdinə daha həssas olması, el arasında deyilən ”ürəyiyumuşaqlılığı” ilə izah edilə bilər.
Kişilərdə xəstəliyə az təsadüf edilsə də, onlarda ölümlə nəticələnmə qadınlardan 10% çox olur. Xəstəliyin qış aylarında daha çox baş verdiyi də müşahidə edilmiş, bu da hava soyuqluğunun kiçik koronar arteriyalarda sıxılma əmələ gətirdiyi və həmin dövrlərdə damar divarlarına təsir edə bilən virus infeksiyalarının çoxalması ilə əlaqələndirilir.
Stress kardiomiopatisi xəstəliyi haqqında ilk dəfə 1990-cı ildə Yaponiya alimləri Sato və onun həmkarları məlumat vermişlər. Həmin dövrdə ölkələrində baş vermiş zəlzələdən sonra çox şiddətli psixoemosional gərginliyə, stresə məruz qalmış insanlarda, hətta bu vaxta qədər heç bir ciddi infarkt riski olmayan cavanlarda da, şiddətli, tipik infarkt ağrıları, elektrokardioqram dəyişiklikləri, infarktı təsdiq edən laborator göstəricilərin (troponin T və I, natriumuretik peptidlər və s.) klassik infarktdakı qədər çox olmasa da, yüksəldiyi aşkarlanmışdır. Alimlər alınan bu nəticələrdə klassik infarktlardan ciddi fərqə rast gəlməsələr də, xəstələrin exokardioqrafi müayinəsində fərqli şəkillər olduğunu müşahidə etmişlər.
        Exokardioqrafi və ventrikuloqrafi (sol mədəciyə kontrast maye vurmaqla onun şəklinin alınması) müayinələrdə ürəyin sol mədəciyinin zirvəsindən, aşağı nahiyəsindən başlayan, bütün ön, arxa, yan divarlarının yığılma qabiliyyətinin kəskin azaldığını (hipokinez), hətta tam hərəkətsizliyi (akinez) müşahidə etmişlər. Bunlarla bərabər ürəyin hər sistolası, yığılması zamanı onun zirvə, aşağı nahiyəsinin balonlaşmasını, şişməsini, ürəyin yuxarı, əsas, bazal hissə adlanan yerinin isə daha güclü hərəkət etməsini (hiperkinez), sanki yığılması itirilmiş yerin əvəzinə işlədiyi aşkar olunmuşdur. Exokardioqrafi müayinədə aşkar edilən bu əlamət klassik takotsubo kardiomiopatisinin fərqləndirici əlaməti kimi qəbul edilir,"zirvədə akinez, bazalda hiperkinez” vəziyyəti kimi qeyd edirdilər. Lakin sonrakı müşahidələr prosesin mədəciyin orta, hətta yuxarı, bazal hissəsində də ("tərsinə takotsubo kardiomiopatisi”, "zirvədə hiperkinez, bazalda akinez”) olduğunu müşahidə etmişlər.
        Göründüyü kimi əgər adi, klassik miokard infarktında bir damar tutulub və onun qanla təmin ediyi sahədə, seqmentdə hərəkətsizlik yaranırsa, stress kardiomiopatisində bu hal daha geniş, koronar damarların demək olar hamısının (total) qidalandırdığı ərazini əhatə edir.
Bu xəstəliyin özəlliklərindən biri ürəyin geniş sahəsinin zədələnməsinə baxmayaraq, xəstələrin əksərində koronar angioqrafi müayinəsində koronar damarlarda, hemodinamik əhəmiyyətli tıxanma, tutulma tapılmamasıdır.
      Exokardioqrafi və ventrikuloqrafi müayinə vasitələri ilə ürəyin alınan şəkli boğazı dar, aşağı hissəsi yumru küpə, yapon dilincə "takotsubo” adlanan qaba bənzədiyindən, xəstəliyi öyrənən həkimlər ilk olaraq bu xəstəliyi "Takotsubo kardiomiopatisi” adlandırmışlar. Takotsubo okeandan osminoq tutmaq üçün yaponların istifadə etdikləri qabdır. Osminoq ovçuları qabın içinə osminoqu cəlb edən qida qoyurmuşlar və onlar qabın boğazından içəri girib, qidanı yedikdən sonra oradan çıxa bilmədikləri üçün onları ovlayırmışlar.
Ürək əzələsində baş verən bu dəyişikliklərin mexanizmi haqqında müxtəlif fikirlər vardır: Əsas səbəb, yüksək psixoemosional gərginlik, stress zamanı simpatik sinir sisteminin fəallaşmasından qanda katexolaminlərin, ən vacibi isə adrenalinin miqdarınin həddən çox yüksəlməsi və onun bütün üzv və toxumalara təsiridir. Qısa bir müddətdə adrenalin təsirindən eyni vaxtda bütün koronar damarlarda, yayılmış şəkildə qan təchizatında pozulması, ürək əzələsinin total olaraq ciddi qansızlaşması, yığılma qabiliyyətinin kəskin zəifləməsi, demək olar hərəkətsizliyi baş verir. Kardioloqlar bu halı ürəyin digər işemik xəstəlkilərində də təsadüf edilən hibernation "qış yuxusu” halına, hərəkətsizliyə (ingiliscə-hibernation, rusca- бездействие, türkcə -kış uykusu) bənzədirlər. Bu hala düşən toxumalar normal iş qabiliyyətini (yığılma və boşalma) itirsələr də, ölmürlər. (Bir çox həşaratlar, heyvanlarda soyuqlar düşdükdə "qış yuxusu” halı yaranır, bu halda onların üzv və toxumalarında gedən mübadilə, qidalanma il ərzində ehtiyat şəklində toplanmış piyin hesabına olur, toxumaların tam ölməməsinə, yalnız yaza çıxmasına kifayət edir). Bundan başqa miokardın stanninq fenomeni, yəni qısa müddətli işemiya, reperfuziya təsirindən miokardın sarsılması, yığılma funksiyasının geriyə donə bilən azalmasının rolu da qeyd edilir (bu hal boks yarışındakı nokauta bənzəyir). Bu hallar ürəyin işemik xəstəliklərində, hər stenokardiya tutmasından sonra baş verə bilən hallardır.
Miokardın biopsisi (ürək əzələsindən götürülmüş kiçik bir nümunənin mikroskopla müayinəsi) zamanı ürək əzələsində katexolaminlərin toksiki təsiri aşkar edilir.
Stress kardiomiopatisi xəstəliyinin baş verdiyi anda xəstələrin sinəsində digər miokard infarktındakı kimi çox güclü, şiddərli ağrı, ağrının qollara, kürəyə yayılması və ürək əzələsinin geniş bir sahəsinin ciddi zəifləməsi səbəbindən kəskin sol mədəcik çatışmazlığı, boğulma, hava çatışmazlığı, təngnəfəslik, ürək döyünmə və xəstələrin müəyyən faizində isə ani ölüm baş verir.
Elektrokardioqrafi müayinədə miokard infarktına aid dəyişikliklər, aritmiyalar, ürəkdaxili keçiricilik pozulmaları aşkarlanır.
    Bəzi alimlərə görə ürəkdə baş verən halların səbəbi yuxarıda qeyd edilən təsirlərdən əlavə ürəyin koronar damarlarının burulması, damar sıxılması (koronarspazm), qanın laxtalanmasının artması və qan elementlərinin hərəkətinin çətinləşməsi (yapışması, adhesion) də ola bilər. Xəstəliyin ən çox ürəyin zirvəsindən başlamasını isə həmin (apikal) nahiyədə adrenalinin təsirinə məruz qala bilən β-1 reseptorlarının çox olması ilə izah olunur.
      Xəstələrin 95%-də 2 aya qədər çəkən müddətdə kliniki yaxşılaşma baş verir, sistolik funksiya 10-14 gün ərzində bərpa olunur elektrokardioqrafi, exokardioqrafi dəyişikliklər normal hala qayıda bilir. Lakin 75-dən yuxarı yaşlılarda 6%-dən çox, cavanlarda isə 3%-ə qədər ölüm hadisəsi müşahidə edilir.
Stress (Takotsubo) kardiomiopatisindən ölüm faizi klassik infarktlardan aşağıdır Stress kardiomiopatisində qəfləti, ani ölümün səbəbini çox vaxt əhali miokard infraktından ürəyin cırılması (partlaması) hesab edir ki, bu da yanlış fikirdir. Çünki qısa müddət (saniyələr, dəqiqələr) ərzində miokard nekrozu, infraktı və bundan da ürək cırılması baş verə bilməz. Ani ölən şəxslərdə ürəyin yarılma müayinəsi aparıldıqda da ürək cırılması tapılmır, çünki, infarktla əlaqəli divar cırılmaları əsasən xəstəliyin 3-7-ci günlərdən, ürək əzələsinin tam nekrozu, yumuşalmasında sonra baş verir. Ani ölümün səbəbi yüksək miqdarda adrenalinin miokardda qeyri-sabit elektrik vəziyyəti yaratması, ciddi ritm pozulması, yəni aritmiyalardır.
Ölümün digər səbəbi kəskin ürək-damar çatışmazlığı və onun ən ağır kliniki variantı kardiogen şokdur. Xəstələrin 4-20%-də kardiogen şoka rast gəlinir və onunla ağırlaşanların 17-30%-də ölüm baş verir.
      İkinci Qarabağ müharibəsi zamanı cəbhə ətafı kəndlərin birində evin həyətinə artileriya mərmisi düşməsindən şiddətli qorxu keçirmiş orta yaşlı, bu vaxta qədər heç bir ürək xəstəliyi olmayan qadında tipik infarkt ağrıları baş vermiş və Elmi-Tədqiqat Kardiologiya İnstitutuna qəbul edilmişdir. Araşdırmalarımıza görə xəstətəyə stress kardiomipatisi diaqnozu qoyulmuşdur. Müşahidəmiz altında az müddət (7-8 gün) keçdikdən sonra kliniki əlamətlər, elektrokardioqrafi, exokardioqpafi şəkillər yaxşılaşmış, sonrakı müayinələrimizdə isə normallaşmışdır.
Yadda saxlamaq lazımdır ki, bu xəstəlik cavan, sağlam, heç bir ürək xəstəliyi olmayanlarda baş verdiyi kimi, əvvəldən ürək xəstəliyindən əziyyət çəkənlərdə də olar bilər. Bu halda çox vaxt diaqnozun qoyulmasında, yəni baş verən halın əvvəldən mövcud olan xəstəliyin kəskinləşməsi və ya stress kardiomipatisi olmasında incə mübahisələr yarana bilər, ancaq xəstəliyin gedişinin dinamikası ilə son fikrə gəlmək olur.Xəstələr əvvəldən mövcud olan morfoloji dəyişikliklərin daha da dərinləşməməsi üçün ciddi, standartlara uyğun müalicə almalıdırlar.
Xəstəliyin baş verməsində ürəyin işemik xəstəliklərinin siqaret, alkaqol, narkotika kimi risk amillərinin rolu vardır.
      Qırıq qəlb sindromu (Stress kardiomiopatisi) barədə məlumatlar topladıqca ömrüm boyu rast gəldiyim, şahidi olduğum stresdən baş verən minlərlə qəfləti xəstələnmələri, davamlı depressiyaları, intiharları və digər bədbəxt hadisələri xatırlamaqla yanaşı, düşünürdüm ki, görəsən ərəb dastanlarından qaynaqlanan, Nizami, Füzuli və Üzeyirin dühası ilə dünya şöhrəti qazanan "Leyli və Məcnun” ülvi məhəbbət nümunəsində Leylinin məzarı üstündə Məcnunun qəfləti, ani ölmünün səbəbi bu sindrom, bu xəstəlik ola bilərdimi?
        Bu ölüm səhnəsini dastanlarda, poemalarda əsərin sonunun daha da dramatikləşdirilməsi üçün uydurulmuş əfsanə kimi və ya gündəlik həyatımızda yuxarıda göstərildiyi kimi törədicisi, klinikası, müasir tibbi müayinə üsulları ilə sübut edilməsi mümkün olan reallıq, həqiqi bir hadisə, stress kardiomiopatisi kimi qəbul edənlər də ola bilər.
Mən onlarla, yüzlərlə kəskin koronar sindromlu xəstələrin və onlardan ölüm hadisələrinin şahidi bir həkim kimi, Məcnunun ölümünün ani, qəfləti ölüm (təbabətdə zor tətbiq olunmayan, ani baş verən və ya kəskin kliniki əlamətlərin başladığı ilk 4-6 saatda müşahidə edilən ölüm, qəfləti ölüm hesab edilir) olmasını qəbul edirəm. Amma məndə ilk olaraq sual yaranırdı ki, səhralarda dəli-divanə gəzən cavan oğlanda bizim klassik hesab etdiyimiz miokard infarktına, kəskin koronar sindroma səbəb olan koronar damar sklerozu və trombozu ola bilərdimi? Uzun illərin təcrübəsi və müşahidələrimə görə mən bu halın klassik kəskin koronar sindrom olma ehtimalının çox az olduğu və ya heç olmadığı qənaətindəyəm.
      Son otuz illik dövrdə "Qırıq qəlb sindromunun” kəşf edilməsi və xəstəliyin ən müasir vasitələrlə təhlil edilməsi, öyrənilməsi Məcnunun ölüm hadisəsinə də bu xəstəliyin patogenetik nəzəriyyəsi işığında yanaşmaq ideyasını verir. Belə qənatə gəlmək olar ki, stress kardiomiopatisi ilk dəfə 1990-cı ildə kəşf edilsə də, o demək deyil ki, əsrlərlə bundan əvvəl belə hadislər mövcud olmayıb. Bu xəstəlik dəyişikliklərə uğramış bir virus, bakteriyadan və ya sivilzasiyanın töhfəsi olan ətraf mühitin radiyasiya, kimyəvi zəhərlənməsindən dünən və ya 30 il əvvəl baş verən xəstəlik deyil, şüurlu insanda (bəlkə digər canlılarda da) psixoemsional təsirdən yaranan xəstəlik olduğundan, elə insan yaranandan, hətta bu günkündən də daha çox baş verə bilərdi. Çünki, tarix insanların vaxtı ilə daha gərgin şəraitdə, müharibələr, edamlar, qəddarlıqlar, təbii fəlakətlər qarşı çarəsiz yaşadığının şahiddir. Elə bunların təsirindən də, hər bir xalqın yazılı, şifahi ədəbiyyatı, nağılları, dastanlarında bu və ya digər şəkildə belə ani ölümlər, xəstəliklər təsvir edilmişdir. Mənbəini unutduğum bir hadisəni xatırlayıram, boynu vurulmaq hökmü verilmiş bir insanın başının cəllad kötüyünün üstünə qoyulduğu vəziyyətdə, cəllad baltasının enmə anında, boynu vurulmaq hökmü ləğv edilir. Lakin onu cəllad kötüyündən qaldırmaq istədikdə, heç boynu vurulmadan öldüyü məlum olmuşdur.
        Daha bir hadisə, tələbə yoldaşları özlərinin arasında teatrlaşdırılmış bir səhnədə dostlarının birinin boynunu vurulması hökmünü verirlər və onun gözünü bağlayıb, boynun cəllad kötüyü üzərinə qoyurlar. "Cəllad” əlindəki "balta”, kəndir parçası ilə boynuna yüngül zərbə vurur, sonra onu qaldırıb, alqışlamaq istədikdə, öldüyünün şahidi olurlar.
Məcnunun ölüm səbəbinin Qırıq qəlb sindromu (Stress kardiomiopatisi) olmasını sübut etməyin mümkün olan yeganə yolu Leyli ilə Məcnunun sevgisini, bu sevginin böyüklüyünü, onun nəyə qadir olduğunu, bizim bu gün varlığına əmin olduğumuz stress, ekstaz halını, psixoemosional gərginliyi və ondan baş verən iztirabın, ağrının və əlamətlərinin həmin əsərlərdə necə təsvir edilməsidir. Hesab edirəm ki, baş vermiş bir ölüm hadisəsi ilə maraqlanan həkim, hətta əlində heç bir tibbi sənəd, müayinə nəticəsi olmasa da, xəstənin yaxınları, onunla təmasda olanların ölən şəxsin keçmişdə və indiki şikayətləri, onda gözlə görünən əlamətləri, həyat tərzi, vərdişləri, xəstəliyi törədə biləcək digər səbəbləri barədə məlumatlara görə, həmin adamın xəstəliyi və ölüm səbəbinə aid çox halda təsdiqini tapan fikir, rəy deyə bilər.
    İnstitut illərində unudulmaz müəllimimiz, professor Məmmədəmin Əfəndiyev (o dövrlər xalq onu Emin Əfəndiyev kimi tanıyırdı, çünki hələ Məmmədəmin, Cavid, Müşfiq adları repressiyadan tam qurtarmamışdı) mühazirələrində Azərbaycan ədəbiyyatı və folklor nümunələrindən çox istifadə edər və Mirzə Ələkbər Sabirin şeirindəki bu misraları deyərdi:
Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim,
Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən
Başladı şişməyə indi üzü qarə ciyərim...
      Sonra isə izah edirdi ki, şair həkim olmayıb, amma hadisənin bədii təsvirin verib və biz həkim kimi fikirləşərək, bu halın hansı xəstəlik olduğuna rəy verə bilərik. Baxın, ürək çatışmazlığında əvvəlcə müxtəlif səbəblərdən ürək genişlənir, "şişir”, sonra xəstəlik inkişaf etdikcə yük əvvəl kiçik qan dövranına, ağciyərə, daha sonra isə tədricən "üzü qarə ciyərə” düşür, qara ciyər böyüyür və şişir. Bu günə qədər ürək çatışmazlığının inkşaf modelini başa düşmək üçün bundan mükəmməl bədii izaha rast gəlməmişəm! Allah sənə rəhmət eləsin, böyük müəllimimiz, sizlər (bura çoxlu müəllimlərimin adını yaza bilərdim) kimi diaqramlardan, slaydlardan, həftəbecər nitqlərdən uzaq mühazirə oxuyan alimlərin yeri görünür!
Türk dünyası məhəbbət ədbiyyatının zirvəsi, "Dizləri üstə hicranlı dastan bağlayan, Leylinin, Məcnunun dərdinə hələ də gizli, gizli ağlayan, əlləri vətəndən üzülü, dədə Füzulinin” "Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib” qəzəlini oxuduqca, kiçik bir şeirdə dahi şairin bizim tanış olduğumuz həkim andı, həkimlik etikası və deontologiyanın bütün incəliklərinin necə əks olunduğuna heyrət etməmək olmur.
Tibbin əsas qanunlar olan "Zərər vermə”, "Həkim sirri” tələbini Füzuli necə təsvir edir:
Sən qan almaqla yəqin bir fayda verməzsən cana,
Şövqi-ləlin gəl çıxar mümkünsə candan, ey təbib!
Qəmlə öldürsən məni izhar qılma kimsəyə,
Qoy rəqibim bilməsin var məndə əfgan, ey təbib!
Digər bir qəzəlində:
Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!
      Xüsusilə, həkim-yazıçıların əsərlərində, filmlərdə, rəvayətlərdə xəstəliklərin əlamətləri bəzən çox incəliklə elə təsvir edilir ki, diaqnoz barədə konkret rəyə gəlmək çətinlik törətmir.
Tarixini və nömrəsini dəqiq xatırlamıram, doxsanıncı illərin "Клиническая Медицина» jurnalında bədii ədəbiyyatda tibbi mövzulara aid bir məqalədə polşalı yazıçının əsərində miokard infarktı keçirən xəstənin halı elə təsvir edilmişdi ki, hətta peşəkar həkimlər də heyran ola bilərdi.
Məcnunun ölüm səbəbi haqqında fikir söyləmək məqsədi ilə də, dünyada öz fəlsəfi əsərləri ilə tanınan dahi Nizaminin "Leylinin və Məcnun” və poemasında Məcnunun Leylinin məzarı üstündəki əzabları, ah-naləsi, Allaha yalvarışları və ölüm səhnəsinin təsvirinə diqqət yetirək.
Sızlayıb ahları göyə yüksəldi,
Torpaq gəlininin yanına gəldi
Hasarlı qəbrə üz qoyub yatdı,
Gəmisi bulanıq bir suya batdı.
Xəstə qarınca tək başı fırlandı,
Yaralı ilan tək qıvrılıb yandı.
Iki-üç beyt dedi qəmlə, möhnətlə,
Iki-üç göz yaşı, tökdü həsrətlə.
Sonra da göylərə tutub üzünü,
Əl açıb o zaman yumdu gözünü:
"Ey bütün aləmi qurub xəlq edən!
Səni əzizinə and verirəm mən,
Al dərdli canımı ya pərvərdigar!
Məni sevgilimin yanına apar!
Bu canı bərklikdən özün azad et,
Apar o dünyaya könlümü şad et".
Deyib bu sözləri, baş qoydu yerə,
Qəbri qucaqladı o birdən-birə.
Cananın qəbrini öpdükdən sonra,
Dost! - deyib, canını tapşırdı ona.
Keçdi bu körpüdən axır ki, o da,
Bu yoldan keçməyən varmı dünyada?
      Əlli ildən çox həkimliyim dövrümdə yüzlərlə miokard infarktlı, kəskin koronar sindromlu xəstələr görmüşəm, onların dözülməsi çətin olan ağrı şikayətlərini (sinəm yanır, göynəyir, sinəm məngənədə sıxılan kimidir, qurğuşun əridilib sinəmə tökülüb və s.), narahatlıqların müşahidə etmişəm. Füzuli rayonunda çalışdığım dövrdə iş yoldaşımız, çox məhşur, gözəl bir həkimin infarkt olduğu vaxt mənə "ağrımı kəsməsydiniz o divardakı güllə ilə özümü öldürəcəkdim” sözünü tez-tez xatırlayıram. Amma xəstəlrin çəkdikləri əzabın şiddətini bu vaxta qədər heç kimdən eşitmədiyim şəkildə, Nizami kimi göstərən, belə möhtəşəm söz eşitməmişəm: "Yaralı ilan tək qıvrılıb yandı”. El arasında belə söz var, ilanı yaralayıb buraxmaq olmaz, o çox əzab çəkir və təhlükəlidir, özünü öldürməyə cəhd edər, öldüyü anda da hamıya ziyan vura bilər.
      Böyük türk şairi Füzuli "Leyli və Məcnun” poemasında (əsər 1537-ci ildə yazılmış və Osmanlı hökmdarı Sultan Süleyman Qanuniyə ithaf etmişdir) Nizaminin reallıq kimi təsvir etdiyindən fərqli olaraq, bu sevgini ilahi bir sevgi, məhəbbət kimi təsvir edir. Məcnunun Leyliyə sevgisi artıq maddilikdən ilahiliyə çevrilir, qəzəlləri ilə bu istəyi, arzunu tərənnüm edir. Leylinin məzarı üstndə Məcnunun dediyi qəzəl, onun sevgisinin, dərdinin böyüklüyünü və bu dərddən qurtarmağın, yeganə yolunu ölməklə o dünyada qovuşmaqda görür. Füzulinin bu anları və Məcnunun ölümünü təsvir etməsi:
"Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm,
Dərdməndi-firqətəm, dərmani-didar istərəm.a
Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,
Neyləyim, çoxdur qəmim, dəfinə ğəmxar istərəm.
Ey Füzuli, istəməz kimsə rizasilə fəna,
Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm”.
"Qəbrini qucaqladı nigarın,
Can sədqəsi etdi ol məzarın.
"Leyli!" - dedi verdi cani-şirin
Ol aşiqi-biqərarü miskin”.
        Bu misraları təkrar-təkrar oxuduqca göz önündə bu xəstəliyə səbəb olan nakam eşq, məhəbbət və daxili yanğı, o dünyada yarına qovuşmaq istəyi, bu gərginliyin ən yüksək zirvəsində baş verən kəskin xəstəliyin əlamətləri, şiddətli ağrıların yaratdığı əzabı Nizami, Füzuli məharətlə elə təsvir etmişlər ki, bu faciənin, ağrıların səbəbinin ancaq ürəkdə yaranmış Qırıq qəlb sindromu (Stress kardiomiopatisi) olduğuna məndə şübhə yeri qalmır.
Məcnunun ölüm səbəbi Qırıq qəlb sindromudur! Bu barədə mənim fikirlərimə şərik olmayan da ola bilər, çünki, hazırkı dövr hər hadisəyə bir sübut axtarmaq dövrüdür. Bunu başa düşmək olar, arxeoloji bir axtarışda tapılan əşya ilə o dövrlərdəki çox hadisələrə qiymət vermək mümkündür. Lakin hesab edirəm ki, dastanlarımız, nağıllarımız, dahi yazıçılarımızın, şairlərimizin əsərləri və bunların hamısından yüksəkdə dayanan müqəddəs kitabımızda elə sirrlər, hikmətlər var ki, onların açılmasına məntiqlə, fəlsəfi düşüncə, bugünkü, sabahkı elmlə yanaşmaq lazımdır və bunlar elmimizə böyük fayda verə bilər. Xatırlayıram ki, insan embrionun inkişafına aid tədqiqatına görə Nobel mükafatı alan bir alim, Quranla tanışlıqdan sonra demişdir ki, mən bu kitabla əvvəldən tanış olsaydım, Nobel mükafatını xeyli əvvəl ala bilərdim!
    Başqa bir misal, Həzrəti Peyğəmbərin onu təqib edən düşmənlərdən gizlənməsi üçün girişi hörümçək toru ilə örtülü mağaraya girməsindən az sonra həmin giriş yerində yenidən hörümçəyin tor qurması və onu axtaranların mağaranın ağzının hörümçək toru ilə tutlduğunu görüb, onun içinə girməmələri əfsanə, rəvayət, hədis hesab edilsə də, sonradan o dövrlərdə bu toru qısa zamanda bərpa edən iri hörümçəklərin olduğu sübut edilmişdir!
    Dünya bu gün təbiətin, insanın yaranması, dünyanı fəkakətlərdən qurtarmağın, insanların birgə yaşamalarinin mümkünlüyünün, sağlamlığı qorumağın sirlərini Qurandan, Nizamidən, Füzulidən, Fərabidən, İbn Sinadan, Ömər Xəyyamdan öyrənir, biz də öyrənməliyik!
Paylaş: